“Qomelaurinin(Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomeluari- S.L.) Maqnitski siyahısına salınması ona yox, Bidzina İvanişviliyə işarədir. Qomelauriyə qarşı sanksiyalar və onun bu siyahıya salınması o deməkdir ki, amerikalılar İvanişvili ətrafında dairələrini daraldırlar. Və ABŞ ona birbaşa dedi: növbəti sənsən!..”
Hafta.az “Qruziya onlayn” nəşrinə istinadla xəbər verir ki, Gürcüstanın sabiq müdafiə naziri, tanınmış gürcü siyasətçi Tina Xidaşeli “Batumelebi” portalına müsahibəsində belə deyib.
Keçmiş nazir hesab edir ki, hakim “Gürcü arzusu”nun hərəkətləri sadəcə qaçılmaz olanı gecikdirmək cəhdidir. O vurğulayıb ki, böhrandan çıxmaq üçün prezident Salome Zurabişvilinin rolunun gücləndirilməsi son dərəcə vacibdir.
"Mənə elə gəlir ki, prezidentin məhz indi, müəyyən mərhələnin başa çatdığı bir vaxtda fəallaşması çox vacibdir. Hamı ATƏT/DTİHB-nin hesabatını gözləyirdi və onu ölkə daxilində və xaricində müzakirə edirdi. Bu hesabat dərc olunub və orada müsbət başlayan və ya müsbət bitən bir paraqraf yoxdur.
Aİ-nin üç əsas ölkəsinin - İtaliya, İspaniya və Rumıniyanın xarici işlər nazirliklərinin Kobaxidzeni yalançı adlandırmasından sonra onun hesabatı necə şərh etməsinin artıq əhəmiyyəti yoxdur.
Prezidentin fəal mövqeyi ona görə mühümdür ki, o, cəmiyyətin etibar etdiyi yeganə dövlət fiqurudur. Prezidentin İvanişvilini yeni seçkilər təyin etməyə çağırması onun oynamalı olduğu əsas roldur.
Dekabrın 29-dan əvvəl yeni seçkiləri təsəvvür etmək çətindir, çünki “arzu” çılğınlıq mərhələsindədir. Lakin onlar ancaq qaçılmaz olanı gecikdirirlər. Seçkilər olacaq və bu qaçılmazdır...
İvanişvilinin partiyası hakimiyyətdə qala bilməyəcək - Gürcüstan təcrid olunan kimi, bu, onların məğlubiyyət düsturuna çevriləcək... İvanişvili öz resurslarından istifadə edərək sistemi saxlaya bilməyəcək.
Repressiv qanunlar işləyə bilər, amma uzun müddət deyil. Ən pis ssenari yanvarın 7-də fövqəladə vəziyyətin elan edilməsidir. Biz bu hərəkəti qanuni saymayacağıq və müqavimət göstərəcəyik.
İndi vətəndaşlar üçün ən başlıcası dözməkdir. Biz bir-birimizə dəstək olmalıyıq. İnsanlar yorula bilər, amma qısa bir istirahətdən sonra yenidən prosesə girəcəklər. Repressiya insanları dayandıra bilməz. Hər yeni həbslə küçələrə çıxan etirazçıların sayı daha da artacaq.
Sanksiyalar sadəcə bir oyundur, biz bunu artıq görmüşük. Məsələn, Putin Maqnitski siyahısında olandan sonra Kadırovu ordenlə təltif edib. Bu, aqoniyanın təzahürüdür.
Qomelauriyə qarşı sanksiyalar İvanişviliyə siqnaldır. Onun maliyyə resursları bloklanandan sonra sistem çökməyə başlayacaq. Bu uğura aparan ən qısa yoldur. İvanişvili hələ inanmasa da, mütləq sanksiyalara məruz qalacaq".
Tramp üçün “arzu” ümidləri və gözləntiləri illüziyadır. Tramp administrasiyası Avropa və beynəlxalq ictimaiyyətin mövqelərinə zidd getməyəcək. Baydenin bütün qərarlarının məsələnin korrelyasiya komissiyasından (barışıq komissiyasından) keçdiyini deyən Trampın müşaviri ilə müsahibəni dərc etdikdən sonra “Gürcü arzusu”nun ritorikasını necə dəyişdiyi artıq aydındır.
Gürcüstan hakimiyyəti etirazın səngiyəcəyinə ümid edir, lakin bu, mümkün deyil. Dekabrın 22-də axşam Tbilisidə inanılmaz hadisə baş verib. Bu enerji dayandırıla bilməz. Hər bir yeni repressiya dalğası yalnız daha böyük əks-səda doğurur”, -deyə Gürcüstanın sabiq müdafiə naziri vurğulayıb.